İran ərəb ölkələrinə ultimatum verib | VİDEO

İran ərəb ölkələrinə ultimatum verib    | VİDEO
  01 Mart 2026    Oxunub:1371
Tehran Fars körfəzi ölkələrini ABŞ hərbi bazalarını bağlamağa çağırıb.
AzVision.az xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Səid Xatibzadə “CNN” telekanalına müsahibəsində belə deyib.

“Biz onlara müraciət etdik: ya İranı daim təhdid və hücum edən Amerika bazalarını bağlayın, ya da müqavimət göstərməkdən başqa seçimimiz yoxdur. İran Amerika ərazisinə doğru irəliləyə bilməz, ona görə də ABŞ yurisdiksiyası altında olan istənilən bazaya hücum etməkdən başqa çarəmiz qalmır”, - iranlı diplomat bildirib.

Xatırladaq ki, İran daha əvvəl Bəhreyn, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İraqa zərəblər endirib. Bu hücumlar genişmiqyaslı dağıntılar və mülki şəxslərin xəsarət alması ilə nəticələnib.

BƏƏ-nin Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət Naziri Rim əl-Haşimi ölkənin İranın hücumlarına biganə qalmayacağını diqqətə çatdırıb.

- Biz özümüzü müdafiə etməyə hazırıq. Ümid edirik ki, bu, baş verməyəcək, amma hücum altında olarkən biganə qalmayacağıq”, - xanım Rim əl-Haşimi vurğulayıb.

Bundan əvvəl isə Omanın Dəniz Təhlükəsizliyi Mərkəzi bölgədə davam edən hərbi münaqişə fonunda ölkənin ərazi sularında neft tankerinin atəşə tutulması nəticəsində dürd adamın xəsarət aldığı barədə məlumat yayıb. Hadisə dünya dəniz neftinin 20%-nin keçdiyi Hörmüz boğazı yaxınlığında baş verib.

ABŞ və İsrailin İrana hücumlarından sonra fevralın 28-də SEPAH Hörmüz boğazını gəmiçilik üçün bağlayıb. Lakin martın 1-də SEPAH-ın keçmiş komandiri və Siyasi Məqsədyönlülük Şurasının katibi general Möhsün Rzayi Hörmüz boğazının “növbəti xəbərdarlığa qədər” tankerlər üçün açıq olduğunu elan edib.

Eyni zamanda, yerli xəbər agentliyi İran dronlarının martın 1-də Ərəbistan dənizi sahilində yerləşən Omanın Dukm limanına hücum etdiyini bildirib.

“İki dron şəhərə hücum edərək bir xarici işçini yaralayıb. Bir dron yaşayış binasına dəyib, digərinin qalıqları isə zərər vermədən yanacaq çənlərinin yaxınlığına düşüb”, - təhlükəsizlik xidmətlərindəki mənbəyə istinad edən agentlik yazıb.

Dukm limanı əvvəllər ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən Ərəbistan dənizində fəaliyyət göstərən Amerikanın “USS Abraham Linkoln” təyyarədaşıyan gəmisinə helikopterlərlə yük çatdırmaq üçün istifadə olunurdu.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: İran   ərəblər   ultimatum  



Xəbər lenti